Qiymətlərin enmə tendensiyası gələn il də davam edəcək
Paytaxtda qiyməti ucuzlaşan evlərin həm köhnə, həm də yeni binaları əhatə etməsi prosesi davam edir. Mütəxəssislər köhnə evlərin qiymətinin real dəyərindən xeyli yüksək olmasını bildirərək bazarda həmin evlərin satışının aşağı düşdüyünü söyləyir.
Xatırladaq ki, keçən ay təkrar bazarda qiymətlər 0,7 faiz azalaraq aşağı düşüb. Bu tendensiyanın nə vaxtadək davam edəcəyi və köhnə evlərin qiymətinin nədən ucuzlaşması cəmiyyətin maraq dairəsindədir.
Daşınmaz əmlak üzrə ekspert Nüsrət Ibrahimov hesab edir ki, bu istiqamətdə vəziyyət stabilləşməyə doğru getsə də, hələ tam stabil şərait yaranmayıb. Çünki kiçik rəqəmlərlə də olsa, qiymət ucuzlaşmaya doğru gedir: “Ucuzlaşma daha çox bahalı mənzillərdə özünü göstərir. Ucuz mənzillərin alıcısı bazarda var və onlar ipoteka krediti vasitəsilə müəyyən qədər satıla bilir. Lakin bahalı mənzillər satış predmeti olmadığı üçün onu real satmaq istəyən mülkiyyətçi aşağı qiymətə verməyə məcbur olur”. Ucuzlaşmanın bu il və gələn il davam edəcəyini söyləyən ekspert, bunun səbəbini mənzillərin real formalaşmış qiymətinin əhalinin real alıcılıq qabiliyyətini üstələməsində görür. Yəni, mənzilə real ehtiyacı olan insanların alıcılıq qabiliyyəti bugünkü  durumu, qiymətləri əks etdirmir: “Mənzili satmaq istəyən təbii ki, reallıqla barışmalıdır. Əsas səbəb budur. Eyni zamanda, bazarda qiymətləri formalaşdıran ilkin bazardır. Ilkin bazarda isə maya dəyərilə satış qiymətləri arasındakı fərq hələ də görünür. Yəni, tikinti şirkətlərinin qiymətləri salmaq imkanları var. Təbii, nəzərə alsaq ki, bazarda təklif tələbi bir neçə dəfə üstələyir, yaxın vaxtlarda qiymətlərin düşməsi qaçılmazdır”.
http://azadliqqazeti.com/new/index.php? … Itemid=385